“Sosial media bizim ənənəvi media üçün həm böyük üstünlük, həm də böyük problemə çevrilib. Bu qlobal problemdir və həll olunması üçün müəyyən işlər həyata keçirilməlidir”.
Bunu hafta.az-a Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli sosial media ilə ənənəvi media arasındakı mövcud münasibətlərlə bağlı açıqlamasında bildirib.
M.Ələsgərli bildirib ki, bu gün ənənəvi medianın istehsal elədiyi informasiyanın yayımında sosial şəbəkələrdən istifadə edilir və hər kəsin sosial şəbəkələrdə hesabı var.
“Burda əslində ağırlıq ənənəvi medianın üzərinizə düşür. Çünki burda informasiyanı axtaran, tapan emal edən, istehsal edən sizsiz. Amma sizin istehsal etdiyiniz informasiyaların yayımından qazanan sosial şəbəkələrdir. Burda müəyyən ədalətsizlik prinsipi var. Düzdür, Yootub kanalında izləyicinizin sayı 100 mini keçirsə sizə müəyyən ödənişlər olur. Amma 100 minə çatmayan informasiyanıza görə əziyyətinizə ödəniş edilmir”.
M.Ələsgərli bildirib ki, keyfiyyətli jurnalistika uğrunda mübarizə aparan beynəlxalq media şəbəkələri sosial şəbəkələrdə yaranmış ziddiyyətlərlə bağlı ənənəvi medianın haqqının qorunması üçün mübarizə aparırlar.
“Onların belə bir hesablaması var ki, informasiya texnologiya nəhənglərinin indiyə qədər gəlirləri 900 milyard civarindadır. Onlar bu vəsaitin çox hissəsini ənənəvi media və digər xəbər istehsalçılarının paylaşdıqları informasiyalardan qazanırlar. Siz xəbəri hazırlayırsız, yayırsız əvəzində həmin sosial platformanın auditoriyası genişlənir, reklam verənlər də öz reklamlarını həmin sosal şəbəkələrə verirlər. Deməli, siz əziyyət çəkirsiz, sosial şəbəkələr qazanır”.
M.Ələsgərli bildirib ki, bu ədalətsizliyin aradan qaldırılması üçün peşəkər jurnalistlərin hüquqlarının müdafiəsi şəbəkəsi işlər aparır. Təklif edilir ki, hər bir dövlətdə sosial şəbəkələrin üzərinə 6 faizlik vergi yükü qoyulsun. Bu 6 faiz vergi hesabı ilə 50 milyard gəlir götürülür ki, bu da ənənəvi medianın inkişafına yönləndirilsin.
“Ümumiyyətlə, xəbər istehsal edən ənənəvi media ilə yayım platformalarının münasibətlərə aydınlıq gətirilməlidir. Bu asan məsələ deyil. Bu gün nəhəng sosial şəbəkələrin gücü o qədərdir ki, onlar hətta Amerika kimi dövlətin başçısına da müəyyən məhdudiyyətlər qoydular. Amma dünyada proses başlanıb və bu məsələlərə aydınlıq gətirilməlidir. Çünki KİV-ə gəlməli olan reklam və elanlar axıb sosial şəbəkələrə gedir”.